SJ News - шаблон joomla Авто

Günümüzdə ən çox danışılan və müzakirə obyektinə çevrilən problemin ailə problemi olduğunu söyləsək, yəqin ki, yanılmarıq.

 Son illərin statistikası və eləcə də az qala bütün telekanallardakı şou-proqramların əsas mövzusuna çevrilən boşanmalar və ailə münaqişələri ailə probleminin qədər ciddi olduğundan xəbər verir. İnsanlar sanki dəyişib, hər kiçik münaqişəni ictimailəşdirməyə çalışırlar. Ər-arvad, valideyn-övlad, gəlin-qayınana münasibətləri gündəmi zəbt edib. Tərəflər ailədə baş verən ən xırda məsələni də böyüdür,  “açaram sandığı, tökərəm pambığı” deyərək bir-birilərini hədələyirlər.

Əvvəllər isə belə deyildi. Ailələrdə möhkəm nizam-intizam, adətlərə, böyük-kiçiyə hörmət vardı. Ailələr “Ev bizim, sirr bizim” prinsipi ilə yaşayırdı. Əgər bu məsələni açıb-ağartsam qohum-qonşu, camaat mənə nə deyər, sabah onların qabağına hansı üzlə çıxaram düşüncəsi ilə hərəkət edirdi hamı. Onlar hər hansı bir münaqişəni özləri həll etməyə, böyüklərin “biriniz od olanda biriniz su olun” nəsihətinə həmişə əməl etməyə çalışırdılar. Düzdür, bəzən söz-söhbət ailə müstəvisindən çıxdığı, münaqişənin qarşısını almağın müşkülə çevrildiyi zamanlar da olurdu. Bu zaman “döyüş meydanı”na ağır artilleriya - ağsaqqallar, ağbirçəklər bugünkü terminlə desək, ekspertlər daxil olurdu. Bəs bu ağsaqqal və ağbirçəklər kimlər idi? Həyat tərzi, ailəsinə münasibəti, davranışları dedikləri ilə üst-üstə düşən, hər sözün, hər hərəkətin yerini bilən hamının hörmət etdiyi KİŞİLƏR idi onlar. Bu gün televiziya verilişlərinə çağırılan ekspertlərlə onların arasında yerlə-göy qədər fərq var. Qoy bu verilişlərdə iştirak edən ekspertlər inciməsin. Bu ekspertlərin arasında sənət adamlarına da rast gəlirik ki, onların çoxu qalmaqalları ilə daha çox yadda qalıb, hətta bəziləri bir neçə dəfə ailə qurub. Bu “alimi-biəməl”lərin tərəflərə verdiyi məsləhətləri eşidəndə istər-istəməz bu ifadəni təkrarlayır və “özünə umac ova bilmir, başqasına əriştə kəsir” misalının necə də doğru deyildiyini acı-acı xatırlayırsan.

Görəsən, sosial-məişət problemlərinin bu qədər artması və ictimailəşməsinin səbəbləri nədir?

Səbəbləri araşdırmaq üçün gəlin 2 ailə modelinə nəzər salaq və müqayisə aparaq.

Çoxumuz görkəmli pedaqoq, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından olan S.S. Axundovun “Qorxulu nağıllar” silsiləsindən olan hekayələri oxumuşuq. Həmin hekayələrin bir neçə dəyişməz surəti var. Bu surətlərlə hər hekayənin əvvəlində və sonunda rastlaşırıq- -Hacı Səməd və onun ailəsi - qoca anası, həyat yoldaşı, oğlu Məmməd, qızı Fatma. Axşamlar ailə süfrə arxasına keçər, şam yeməyindən sonra isə Hacı Səməd ya gündəlik qəzetlərdən maraqlı xəbərləri ucadan oxuyar, ya da gördüyü, eşitdiyi maraqlı, ibrətli hadisələrdən danışardı. Məktəb illərində ilk dəfə bu hekayələri oxuyanda bütün bunlar mənə çox doğma gəldi. Axı bizim ailədə də bu ənənə vardı. Hər axşam rəhmətlik atam işdən gələndən sonra süfrə ətrafına toplaşır, yeməkdən sonra isə qəzet və kitab mütaliəsi başlayırdı. Yaxşı yadımdadır, “Bakı” axşam qəzetində Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanı hissə-hissə dərc olunurdu və biz qəzetin hər bir nömrəsini səbirsizliklə gözləyirdik...

O vaxtlar əksər ailələrdə bu və bənzəri həyat tərzi hökm sürürdü. Axşamlar ailə üzvlərinin bir yerə yığışması ilk növbədə yeniyetmə ailə üzvlərini nəzarətdə saxlayır, onları müxtəlif təsirlərdən qoruyurdu. Eyni zamanda onlara ailənin necə formalaşması əyani şəkildə göstərilirdi. Süfrə ədəbi, böyüyə sayğı, kiçiyə qayğı, danışana qulaq asmaq və digər həyati davranışlar aşılanırdı.

Ailələrin ən gözəl xüsusiyyətlərindən biri də mütəmadi olaraq qohumları ziyarət etmək idi. Bu ziyarətlər ailədə böyüyən uşaqların cəmiyyətə qaynayıb-qarışmasına zəmin yaradır, qohumluq bağlarını möhkəmləndirirdi. Ağsaqqallar da məhz bu ziyarətlərin nəticəsində ağsaqqal olurdu. Ötənlərdə boşanma hallarının bugünkü qədər olmamasının əsas səbəblərindən biri də elçilikdən toya qədər əsas fiqurun ağsaqqal olması idi. Ağsaqqallar toydan sonra da gənc ailə ilə maraqlanır, ilk aylarda yaranan problemləri çözməkdə onlara yardımçı olurdular. Çünki bilirdi ki, bu ailənin qurulmasında əsas fiqur və sorumlu odur.

Bu gün elçiliklər formal xarakter daşıyır. Toydan sonra tərəflərin gənc ailələrlə heç bir əlaqəsi olmur. Gənç ailələr mənəvi dəstəkdən məhrum qalırlar. Ailələrdə uşaqların sayı da çox olardı. Bu ailələrdə böyüyən uşaqlarda kiçik yaşlarından bir-birilərinə yardım etmək, birgə yaşamaq kimi xüsusiyyətlər formalaşırdı. Məhz bu səbəbdən bir həyətdə, bəzən bir evdə yaşayan 3-4 qardaşın ailələri mehriban ailə həyatı sürür, ara-sıra yaranan kiçik inciklikləri tez aradan qaldıra bilirdi.

Bəs bu gün vəziyyət necədir? Müasir ailələrdə adətən bir və ya iki uşaq olur. Bu uşaqların əksəriyyəti eqoist olur və böyüyüb ailə quranda güzəştə getməyi bacarmır. Nəticə isə çox vaxt acınacaqlı sonluqla bitir. Ata-ana qayğısından məhrum körpələrin sayı artır. Bu körpələr isə millətin gələcəyidir.

Boşanmaların artmasının bir səbəbi də təsadüfi evliliklərin gündən-günə artmasıdır. Telefon və sosial şəbəkələr vasitəsi ilə başlanan tanışlıqların bir çox hallarda evliliklə bitməsinin dəfələrlə şahidi olmuşuq. Belə ailələrin əksəriyyətinin, deyərdim ki, 90 faizinin sonu erkən boşanmalarla nəticələnir.

Müasir gənclər yaşı əllini ötmüş insanların geri qaldığını, zamanla ayaqlaşa bilmədiklərini söyləyir, onları mühafizəkarlıqda qınayırlar. Əslində isə belə deyil. Biz B.Vahabzadənin dediyi kimi “keçmişə güvənərək gələcəyə addımlamalıyıq. Bu gün dünyada ən qabaqcıl texnologiyaya sahib olan, bu texnologiyanın yaranmasında yaxından iştirak edən YAPON gənci babalarının minillik adət-ənənələrinə həssaslıqla yanaşır, həyatını da bu adətlərə uyğun qurur.

Gəlin keçmişə güllə atmayaq. Yoxsa gələcək bizi topa tutacaq.

 

Məmməd MƏMMƏDZADƏ

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 105 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction