SJ News - шаблон joomla Авто

Əməli-əhli-Mədinə - “Mədinə xalqının tətbiqatı” mənasına gələn və Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs (ö. 179/795) tərəfindən dini-əməli hökmlərin ortaya qoyulmasında bir mənbə kimi istifadə olunan metoddur.

 Bildiyimiz kimi, Hz. Peyğəmbərin (s.ə.s) iyirmi üç ilə yaxın bir müddət olan İslamı təbliğ vəzifəsini icra edərkən, ibadətlər və insanlararası münasibətlər ilə bağlı müfəssəl hökmlərini bildirməsi və öyrtməsi əsasən Mədinə dövründə öz əksini tapmışdır. Beləliklə də, bütün İslam alimləri və məzhəbləri Qurani-Kərimdən sonra dini hökmün bir mənbəyi kimi “Sünnə” dəlilini qəbul etmiş, onun mətn və sənəd ünsürlərində olduqca həssaslıqla dayanmış və onun çərçivəsi ilə bağlı əsasları müəyyən etmişlər. Bunun nəticəsində, təbii olaraq, təfərrüatı baxımından alimlər arasında müəyyən fikir ayrılıqları da meydana gəlmişdir.

Mədinə xalqının tətbiqatının İslam hüququnun qanunvericiliyi baxımından xüsusi bir yerə malik olması, əslində Malik ibn Ənəs tərəfindən ortaya qoyulmamışdır. Belə ki, Hz. Peyğəmbərin (s.ə.s): “O, ümmətimin hakimidir, – buyurduğu səhabə Əbüd-Dərdanın (r.ə) bildirdiyi fikrin əksinə bir hədis eşitdiklərini deyənlərə: “Mən də eynisini eşitdim, lakin Mədinə əməli bunun əksinədir”, – dediyi nəql edilmişdir. Hətta rəvayətə görə, bir gün Hz. Ömər (r.ə) minbərdə: “Allaha and olsun ki, əməlin ziddinə bir hədis nəql edəni sıxışdıraram”, – demişdir.  Qeyd edilən rəvayətlərdən aydın olur ki, bu kimi fikirlər hələ Malik dünyaya gəlmədən bir əsr əvvəl səsləndirilir və tədricən yayılırdı. Malik ibn Ənəs də bu məsələdə özündən əvvəlkiləri təqib etmiş, lakin öz fitvalarında bu metoddan daha çox istifadə etdiyi və ictihadları şəxsən özü tərəfindən tədvin edildiyi üçün sözügedən metod məhz ona nisbət edilmişdir. Şübhəsiz ki, bəzi məsələlərdə şəxsən özünün nəql etdiyi hədislərə zidd olan əmələ görə fitva verməsinin bu metodun sırf ona nisbət edilməsində böyük təsiri olmuşdur.

Mədinə əhlinin əməli və bununla bağlı məsələləri ən yaxşı izah edən Maliki məzhəbinin tanınmış alimlərindən biri olan Qazı İyaz (ö. 544/1149) olmuşdur. O, “Tərtibül-mədarik” adlı əsərində əməli-əhli-Mədinənin “nəqli və ictihadi” olmaqla iki qisimdən ibarət olduğunu bildirmişdir. Belə ki, birincisi, Hz. Peyğəmbər (s.ə.s) dövründən bəri nəsildən-nəsilə nəql edilənlərdir. Bu növ Hz. Peyğəmbərin (s.ə.s) “sözünə, əməlinə, təqririnə və varlıq səbəbi ortada olan bir mövzudakı mənfi möqeyinə” söykənə bilər. Onun söz və əmlinə “sa və müdd” kimi ölçü vahidləri və Hz. Peyğəmbərin (s.ə.s) bu ölçülərlə zəkat və fitrə topladığı; azan, iqamə və namazla bağlı bəzi məsələlər; təqririni görüb qarşı çıxmadığı, məsələn onun dövründə bol olmasına baxmayaraq göy-göyərtidən zəkat verilməsini əmr etmədiyi kimi məsələləri nümunə vermək olar. İkincisi isə, Mədinə əhlinin bir davranışla bağlı ictihad yolu ilə icma etməsidir.  

Mədinə əhlinin “nəqli əməli” mütəvatir yolla nəql edilən sünnədir. Ancaq buradakı mütəvatir rəvayət zəncirləri ilə yox, nəsildən-nəsilə nəql edilən bir tətbiqatdır. Məhz bu, bütün İslam alimləri tərəfindən həm xəbəri-vahiddən, həm də qiyas dəlilindən üstün qəbul edilmişdir. Hətta mənbələrdə qeyd olunduğuna görə, Əbu Yusif (ö. 182/798) xəlifə Harun Rəşidin hüzurunda Malik ibn Ənəs ilə qarşılıqlı müzakirələrdən sonra əvvəlki fikrindən vaz keçmiş və: “Əgər dostum (Əbu Hənifə) mənim gördüyümə şahid olsaydı, o da mənim kimi fikrindən vaz keçərdi”, – demişdir.

Mədinə əhlinin “ictihadi əməlinə” gəlincə, bunun dəlil kimi qəbul edilməsi Maliki məzhəbinin öz alimləri arasında birmənalı qəbul edilməmiş və onlar arasında da mübahisə mövzusu olmuşdur. Belə ki, onların əksəriyyətinin fikrincə, bu, dəlil olmamaqla yanaşı, digər ictihadlardan hər hansı üstünlüyə malik deyil. Çünki Mədinəlilər ümmətin sadəcə bir hissəsini təşkil edirlər. Halbuki dəlil bütün ümmətə şamildir.

Malik ibn Ənəsin Mədinə xalqının əməlini və onların tətbiqatlarını mühüm hesab etməsinin səbəbi, onların həm sünnə, həm də səhabə icraatlarına söykənməsi, yəni bunların köklərinin Hz. Peyğəmbər (s.ə.s) dövrünə qədər gedib çıxma ehtimalının yüksək olmasıdır. Onun “əl-Müvəttə” adlı əsərini tədqiq edən bəzi alimlər İmam Malikin orada bir çox məsələləri, 233 yerdə, mədinəlilərin əməlinə nisbət etdiyi və bunların öz dövründəki mədinəlilərin tətbiqatları ilə bağlı olduğunu qeyd etmişlər.

Onu da qeyd edək ki, Malik ibn Ənəs özündə olan məlumatlardan başqasının caiz olmadığını əsla iddia etməmiş və bunun, sadəcə, Mədinənin tətbiqatı olduğunu bildirmişdir. Hətta xəlifə Harun Rəşidin Mədinə əməlinə zidd olan fiqhi tətbiqatların qarşısını almaqla bağlı təşəbbüsünə şəxsən özü qarşı çıxaraq belə demişdir: “Hz. Peyğəmbərin (s.ə.s) əshabələri müxtəlif yerlərə getmişlər və onların hər birində digərlərində olmayan məlumat vardır”. 

Anar QURBANOV

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 28 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction