SJ News - шаблон joomla Авто

İstanbulun Üsküdar səmtində 95 yaşlarında nurani, gülərüz, ağsaqqal bir hafiz baba var.

Bir İstanbul səfərində onunla həmsöhbət olduq, bir o mübarək simaya baxdım, bir də sinəmdə daşıdığım qatı qəlbimin sərt cizgilərinin formalaşdırdığı özümə. Ah, dedim, ilahi eşqin insanın zahirinə bəxş etdiyi gözəlliklər bu qədər möhtəşəmdirsə, onun daxilə olan təsiri necə olar? O gözəl insan mərhum Mahmud Sami Ramazanoğlu əfəndinin tələbələrindən biri olduğu üçün oradakı gənclərdən biri onun ustadı ilə necə tanış olduğunu soruşmuşdu. O da təbəssüm edərək anlatmağa başladı:

“- O vaxtlar Sami əfəndi ilə görüşə bilmək asan deyildi. Hər kəs rahatlıqla gedib görüşə bilmirdi. 1949-cu ildən adını eşitmişdim, amma özünü görə bilməmişdim... Adını eşidib eləcə məftun olmuşdum, aşiq olmuşdum... 1965-ci ilə qədər onunla görüşmək nəsib olmadı. Müəllimimə deyirdim ki, - müəllim, nə olar, məni onun yanına aparın. Müəllim deyirdi ki, - oğlum, biz gedə bilmirik ki, səni də aparaq. O zamanlar belə idi. Ustad (Sami əfəndi) bir tacirin yanında işləyirdi, onun dəftərdarlığını edir, mühasibatlıq işlərini görürdü. O şəxs də öz iş yerinə hər kəsin gəlib-getməyinə icazə verməzdi. Din adamlarının başına yığışmaq qadağan idi. 1965-ə qədər bu eşqlə, bu məhəbbətlə yaşadım... 

1956-cı ildə Beşiktaş tərəfdə bir məscidə imam təyin edilmişdim və artıq onun sevənlərindən bəzi tanıdıqlarım var idi. Amma heç kəs məni aparıb onunla görüşdürməyə cəsarət eləmirdi. Beşiktaşın müftüsü Fuad əfəndi var idi, mərhum. Onunla yaxın münasibətimiz var idi. Bir gün bazardan evə qayıdanda məscidin yaxınlığındakı ayaqqabı dükanının önündən keçirdim, məscid camaatından Arif usta deyə birinin dükanı idi. Baxdım ki, müftü Fuad əfəndi dükanda oturub. Mən də girdim, salam verib əyləşdim. Bir az sonra müftü əfəndi dükanın sahibinə dedi ki, icazə versən bir yerə zəng edərdim. O vaxtlar Beşiktaşın müftülüyündə telefon yox idi. Deyil indiki kimi hər kəsin cibində, hər kəsin evində - hər idarədə belə telefon tapmaq olmurdu. Çox məhdud yerlərdə telefon var idi. Müftü əfəndinin zənginə telefonu bir qız götürdü. Səsi eşidilirdi. Müftümüz soruşdu: “Ustad evdədir?” “Evdədir”, - dedilər. “İcazə versə, görüşmək istəyirdim”. Qız icazə aldı, telefonu başqasına verdi. Gördüm ki, müftü danışdığı şəxslə o qədər nəzakətlə, ehtiramla danışır... Başa düşdüm ki, çox hörmət göstərdiyi biri ilə danışır. Müftümüz dedi: “Əfəndim, şənbə günü səhər qəlyanaltıya, icazə versəniz, bizim daxmamıza şərəf verərdiniz...” Danışıqdan başa düşdüm ki, icazə aldı. Müftünün evi Kuzquncuk tərəfdə idi, biz Beşiktaşdayıq. Mən gözləyirdim ki, müftü mənə də deyəcək ki, şənbə günü səhər bizə çay içməyə gələrsən. Ondan bunu gözləməyimin səbəbi onunla çox yaxın, çox səmimi olmağımız idi. Amma gördüm ki, mənə heç nə demədən qalxıb gedir. Dedim ki, “xoca, mənim anam, Allah rəhmət eləsin, deyərdi ki, - oğlum, dəvət edilməyən yerə hav-havlar gedər, - amma mən gələcəyəm. Sən dəvət etmirsən, amma mən gələcəyəm”. “Yaxşı, gəl”, deyib getdi. Şənbə günü səhər tezdən qalxıb müftümüzün evinə getdim. İçəri girdim, içəridə səkkiz-on nəfərə yaxın müsafir oturmuşdu. Mənim tanıdığım ikicə nəfər var idi: Biri ustadın işlədiyi ticarət yerinin sahibi Mustafa Alemdar, o birisi də məscid camaatından biri. Mustafa Alemdarı görəndə öz-özümə dedim ki, yəqin ustad da gəlib, mütləq buradadır. Amma orada tanımadığım neçə nəfər var, hansı olduğunu bilmirəm. Hamısı da gözəl, nurani üzlü, yaşlı-başlı, saqqallı əmilərdir. Hansının Sami əfəndi olduğunu seçə bilmədim. Qəlyanaltı süfrəsindən sonra söhbət üçün oturdular. Mənə dedilər ki, bir əşər Quran oxu. Mən oxudum, sonra ustad cibindən əl yazısı ilə aldığı qeydlərini çıxartdı, o zamanlar indiki kimi dini kitablar da çox deyildi. Onlara göz gəzdirib söhbətə başladı. Dedim ki, ustadı tanıdım, qərar verdim ki, ustad bu şəxsdir. Söhbət bitdi, camaat qalxıb dağılışmağa başladı. Hər kəs çıxandan sonra Mustafa Alemdar mənə dedi ki,  “Kamal bəy, sizin maşınınız varmı?” “Xeyr”, - dedim. Mən Kuzquncukdan Üsküdar sahilinə gəlib gəmi ilə Beşiktaşa qayıtmalı idim. “Bizim maşında yer var, sən bizimlə gələ bilərsən”, - dedi. Maşına minəndə onlar arxada oturdular, məni qabağa, sürücünün yan tərəfinə oturtdular. Üsküdar sahilinə gəldik. Enmədən Alemdar bəy qulağıma əyilib dedi ki, “Ustad deyir, bazar ertəsi günü yazıxanaya (iş yerinə) gəlsin, görüşək”. Şənbə günündən bazar ertəsinə kimi çox uzun bir zaman varmış kimi gəldi mənə. Günlər necə gəlib keçəcək, deyə düşünməyə başladım...

Bazar ertəsi günü getdim, Beşiktaşda imam olduğumu bilirdi. Hal-əhval tutandan sonra “başqa bir yerə intisabınız yoxdursa, sizə dərs təlimi verək, - dedi. - Sən bir istixarəyə yat”. Dedim ki, “Başqa yerə intisabım (bağlılığım) yoxdur, amma mən yatanda gördüyüm yuxu heç vaxt yadımda qalmır”. Həqiqətən də, heç vaxt gördüyüm yuxunu xatırlamıram. Mülayim bir səslə, kübar bir şəkildə “siz bilərsiniz” dedi. Dünya başıma yıxıldı. Beşiktaşa qayıtdım. Bir gün, iki gün, üç gün, beş gün, bir həftə... gecəm-gündüzüm istixarə oldu, amma gördüyüm yuxu yadımda qalmırdı. O “siz bilərsiniz” kəlməsi yeddi-səkkiz ay məni pərişan etdi.

Bir gün böyük qardaşım məni bir iş dalınca Ankaraya göndərmişdi. İşlərimi həll etdim, gecə yola çıxmayım deyə Hacı Bayram Vəli məscidinin yaxınlığındakı bir oteldə yer tutdum. Bir nəfərlik otaq istəyirdim, yox idi. İki nəfərlik otağın pulunu verib orada qalası oldum. Yatsı namazını Hacı Bayram məscidində qıldım. Oranın həyətində kitab dükanları var. Bir hafizlik yoldaşımın da orada kitab mağazası var idi. Getdim onunla bir az söhbət etdim. Sonra yatana qədər oxumaq üçün bir kitab götürdüm. Otelə qayıtdım. Oxuduğum kitabda Abdulqadir Gilani həzrətlərinin söhbətlərindən bəhs olunurdu, Futuhul-ğayb kitabının tərcüməsi idi. Yuxuya getdim. Gecənin yarısı oyandım ki, gördüyüm yuxu yadıma gəlir. Bir sevinc, bir həyəcan bürüdü məni... İndi səbirsizliklə səhəri gözləyirəm ki, açılsın, tez İstanbula qayıdım, ustadın görüşünə gedim.

Nəhayət, İstanbula gəldim, ustadın yanına getdim. Dedim ki, - əfəndim, istixarəyə yatdım. Daha məndən heç nə soruşmadı, yuxumda nə gördüyümü belə soruşmadı. Birbaşa dərsi təlim etdi”.

Bu anda oradakılardan biri israrla o yuxunun nə olduğunu, yadında qalıb-qalmadığını soruşdu. Nur üzlü o yaşlı aşiq də təbəssüm edərək cavab verdi:

“- Heç unudarammı? (O yuxum belə idi:) Heç kimin olmadığı səhra kimi bir yerdə gedirəm. Bir səs eşidirəm: “Sami əfəndi həzrətləri gəlir”. Diqqətlə baxanda görürəm ki, həqiqətən də irəlidən kimsə gəlir. Yaxınlaşdı, yaxınlaşdı, gördüm ki, həqiqətən də ustad özüdür. Dərhal əyilib əlindən tutdum. Əlini öpəndə hiss etdim ki, oradan içimə nəsə dolur, ayaqlarımdan süzülüb çölə axır. O ləzzət  xoşuma gəldi, ağzımı daha çox açaraq sormağa başladım... “

Mahmud Sami əfəndi keçən əsrin ən böyük Nəqşi şeyxlərindən, kamil mürşidlərdən biri idi. Varlı, nəcib bir ailədən gəlməyinə baxmayaraq atasından qalan mirası, külli miqdarda var-dövləti almamış, “heç kəs öz əlinin əməyi ilə qazandığından daha xeyirli bir yemək yeməmişdir” hədisinə uyğun olaraq öz əl əməyi ilə dolanmaq yolunu seçmişdi. Hüquqşünas olduğu üçün mühasibatlıq işlərində işləyir, eyni zamanda söhbətləri ilə camaatı haqq yola irşad edirdi. Sahib olduğu hədsiz həya hissi səbəbi ilə oturarkən daim dizüstə oturduğu, insanlarla rəftarında olduqca nəzakətli davrandığı görülürdü. Çox rəğbət görməkdən, diqqət mərkəzində olmaqdan xoşlanmazdı. O böyük Haqq dostu 1979-cu ildə peyğəmbər həsrəti ilə Mədinəyə hicrət etdi və elə orada da vəfat etdi. Cənnətül-baqi qəbiristanlığında dəfn edildi. Ömrünü insanları ilahi eşqə meyl etdirməklə keçirdi və bir çox bəxtəvərin buna nail olmasına vəsilə oldu.

1984-cü ilin fevran ayının 12-də vəfat edən mərhum M.S.Ramazanoğlu həzrətlərini vəfatının ildönümündə sevgi və hörmətlə yad edir, Allahdan rəhmət diləyirik. Ruhuna, əl-Fatiha...

 

 

Əziz SULTANOV

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 38 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction