SJ News - шаблон joomla Авто

İslam fədakarlıq dinidir. Allah-Təala ayeyi-kərimədə belə buyurur:

“Allah möminlərdən canlarını və mallarını onlara veriləcək Cənnət qarşılığında satın alımışdır”. (ət-Tövbə, 111)

Uca dinimizin Allah üçün can, mal və müxtəlif imkanların fəda edilməsi və fərdi rahatlıqdan imtina etməklə bugünlərə gəlib çıxmışdır. Biz də bu gün Allah üçün ediləcək fədakarlıq imtahanı ilə qarşı-qarşıyayıq.

Digər bir ayədə belə buyurulur:

“(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?”. (əl-Bəqərə, 214)

Rəsulullah r:

“Ümmətim yağışa bənzəyir. Əvvəlinin, yoxsa sonunun xeyirli olacağı bəlli deyil”,- buyurur. (Tirmizi, Ədəb, 81)

Məhz bu bərəkətli yağışın rəhmət damlası ola bilmək üçün bu gün biz də dini sahədə ciddi çalışmalıyıq. Yəni Onun yolunda canımızdan, malımızdan, qabiliyyətimizdən, gücümüzdən, zamanımızdan, bir sözlə, Allah-Təalanın lütf etdiyi hər cür imkandan fədakarlıq etmək məcburiyyətindəyik. Çünki zəhmətsiz rəhmət olmaz. Hər nemətin bir əvəzi vardır. Hətta heç bir qarşılıqsız lütf edilən nemətlərə görə də şükür borcumuz var.

Şükür borcu…                                                                                                                   

Bəlkə də imandan sonra bizə bəxş edilən ən böyük nemət 124 min peyğəmbərin arasından seçdiyi axırzaman nəbisi, Həbibullah Həzrət Muhamməd Mustafa r-ə ümmət olmağımızdır. 

Allah-Təala bu xüsusi lütfünün qədrini daha yaxşı dərk etməyimiz üçün ayeyi-kərimədə belə buyurur:

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi...” (Ali-İmran, 164)

Mömin belə bir böyük lütfə nail olmağın sevincini daima ürəyində hiss etməlidir. Lakin bu böyük nemət səbəbi ilə boynundakı ağır məsuliyyətin də fərqində olmalıdır.

Çünki Allah-Təala verdiyi bu nemətin müqabilində bizdən qarşılıq verməyimizi istəyir. İslamı fədakarcasına yaşamaq surəti ilə Allah Rəsulunu hər xüsusda örnək almaq məcburiyyətindəyik. Allah Rəsulu r aləmlərə rəhmət olduğu kimi müsəlmanın da əlindən, dilindən, qəlbindən daima ətrafa rəhmət saçılmalıdır. Müsəlman olmağın, imanla şərəflənməyin, ümməti-Muhamməddən olmağın sevincini yaşayaraq bu nemətlərin müqabilində şükür etmək məcburiyyətindəyik.

Allah Rəsulunun bəyan etdiyi kimi:

“İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Ədəb, 96)

Lakin məhəbbətin ölçüsü fədakarlıqdır. Allah Rəsulunu həqiqətən seviriksə və qiyamət günü Onunla birlikdə olmaq istəyiriksə, bu gün Onun yolunda fədakarlıqla çalışaraq sevgimizi isbat etməliyik.

Allah Rəsuluna necə yaxın olmalı?

Rəsulullah r bəşəriyyətin əbədi qurtuluşu üçün böyük fədakarlıqlara qatlandı. Ən ağır əziyyətlərə dözdü. Buna baxmayaraq heç vaxt halından şikayət etmədi, üzünü turşutmadı. Aclığına əhəmiyyət vermədi, qarnına daş bağlayıb Əshabi-Suffəyə Quran öyrətməklə məşğul oldu.

Həzrət Aişənin ifadəsi ilə desək:

“Həzrət Peyğəmbər r ömrü boyu iki gün ardarda arpa çörəyi ilə qarnını doydurmadan axirətə köçdü…” (Buxari, Əyman, 22)

Rəsulullah r istəsəydi, özünü də, ailəsini də asanlıqla doyurardı. Lakin Onun əlinə imkan düşəndə əvvəlcə əshabi-kiram arasındakı kasıbların halını düşünür, acları doyurmadan özünü doyurmazdı.

Hətta Taifdə daş-qalaq edildiyi o çətin anda:

“Ey mərhəmətlilərin ən mərhəmətlisi, əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim əziyyət və bəlaların o heç bir əhəmiyyəti yoxdur”,- deyərək dua etmişdi. (Bax. İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35; Buxari, Bədul-Xalq, 7)

Əshabi-kiram da dünyada ən çox sevdikləri Rəsulullahla bərabərliklərinin axirətdə də davam etməsi üçün hər məsələdə Onunla hissi və fikri bərabərlik içində olmağa çalışırdılar. Rəsulullahın həyatında müşahidə etdikləri fədakarlıqları onlar da öz imkanları nisbətində Allah yolunda sərgilədilər. Yəni Allah və Rəsuluna olan sevgilərini fədakarlıqları ilə isbat etdilər.

“Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!”,- deyərək dərin məhəbbət və misilsiz eşqlə Ona itaət etdilər. Mallarını və canlarını Allahın və Rəsulunun yolunda səxavətlə fəda etməyi özləri üçün ən böyük səadət vəsiləsi bildilər. Xüsusilə də təbliğ fəaliyyıtində Rəsulullahla çiyin-çiyinə mübarizə apardıqlarını nümunəvi həyatları ilə sübuta yetirdilər.

Təbliğdə göstərdikləri fədakarlıqlar…

Rəsulullah r:

“- İslama təbliğ məktubumu krallara kim çatdıracaq?”,- dediyi zaman səhabələr yaşlı-cavan demədən ayağa qalxaraq:

“- Ya Rəsulallah! Bu şərəfi mənə lütf edin!”,- dedilər.

Allah Rəsulunun bir arzusunu həyata keçirə bilmək uğrunda hər cür fədakarlığı gözə aldılar. Heç bir bəhanə gətirmədən tam səmimiyyətlə xidmətə can atdılar.

Halbuki keçilməz dağlardan aşaraq, kimsəsiz səhralardan keçərək min bir məşəqqət nəticəsində gedəcəkləri əcnəbi ölkələrdə, kralların kəllə vurmağa hazır cəlladları qarşısında Allah Rəsulunun məktubunu oxumağı qəbul etmək mütləq mənada ölümü gözə almaq demək idi. Lakin onlar misli görülməmiş iman cəsarəti ilə sevə-sevə bu fədakarlığı etdilər.

Səhabələrin nəzərində həyatlarının ən qiymətli anları insanlara tövhid mesajını təbliğ edə bildikləri zamanlar idi. Edam edilmək üzrə olan səhabə, ona üç dəqiqə möhlət verən  müşrikə təşəkkür etdi və:

“Deməli, təbliğ üçün üç dəqiqəlik vaxtım var”,- dedi.

Səhabeyi-kiram Mədinənin gözəl xurma bağlarını tərk edərək dünyanın müxtəlif ərazilərinə dağıldılar. Haqq din olan İslamı bütün bəşəriyyətə çatdırmaq üçün o dövrün çətin şərtləri altında, heç bir bezginlik və tənbəllik göstərmədən, uzun və məşəqqətli səfərlərə çıxdılar.

Bu gün Həzrət Osman və Abbasın (r.anhumə) oğullarının türbələri Səmərqənddədır. Vəhb bin Kəbşə t-ın türbəsi Çindədir.

Həzrət Peygamber r Vəhb bin Kəbşə t-ı İslama təbliğ üçün Çinə göndərmişdi. Halbuki o dövrdə Çinə getmək üçün bəlkə də bir il vaxt lazım idi. Vəhb bin Kəbşə t o qədər uzaq məsafəni gedib uzun müddət təbliğ etdikdən sonra qəlbini yandıran Rəsulullah həsrətini bir azcıq da təskin etmək ümidi ilə Mədinə yollarına düşdü. Bir il davam edən əziyyətli səfərin ardından Mədineyi-Münəvvərəyə çatdı. Lakin çox təəssüf ki Həzrət Peyğəmbər r vəfat etmişdi. Vəhb bir daha dünya gözü ilə Allah Rəsulunu görə bilmədi. Rəsulullahın ona verdiyi xidmət vəzifəsinin müqəddəsliyini dərk edərək yenidən Çinə qayıtdı və xidmət edərkən ruhunu Rəbbinə təslim etdi.

Həmçinin Cəfər bin Əbi Talib t hicrət etdiyi Həbəşistanda İslamın yayılaraq kök atmasına qədər 13 il təbliğ və irşad həyatı yaşadı. Mədinəyə qayıdandan bir il sonra isə Mutə Səfərində şəhid oldu.

Səhabələr Quran ilə həyat tapdılar və həyatlarını Quranın təbliğ və təliminə həsr etdilər. Bu yolda misli görülməmiş əmək sərf etdilər, fədakarlıq nümunəsi oldular. İşgəncəyə, təzyiqə, zülmə, hətta sui-qəsdlərə məruz qaldılar, lakin inandıqları dəyərlərdən əsla vaz keçmədilər. Allahın dinini yaşaya bilmək üçün bütün var-dövlətlərini, yurdlarını tərk edib hicrət yoluna düşdülər. Allah yolunda hər şeylərini fəda etmə fəzilətinin könül hüzuruna qovuşdular.

Necə də ibrətlidir ki, Vida Həccində təxminən yüz iyirmi min səhabə iştirak edirdi. Onların yüz mindən çoxu dünyanın müxtəlif bölgələrinə gedərək həyatlarını Allahın dinini təbliğ, Qurani-Kərimi təlim və nəbəvi əxlaq ilə könülləri irşad xidmətinə həsr etdilər. Onların bir çoxu getdikləri diyarlarda vəfat etdilər. Beləliklə getdikləri bölgələrə vəfatlarından sonra da rəhmət və bərəkət vəsiləsi oldular.

Həmin mübarək səhabələrdən biri olan Xalid bin Zeyd Əbu Əyyub əl-Ənsari həzrətlərinin səksən yaşı olmasına baxmayaraq ik idəfə İstanbul surlarının önünə qədər gəlməsi və orada ruhunu təslim etməsi misilsiz fədakarlıq nümunəsidir. Şübhəsiz ki, onun bu qədər ürəkdən səy göstərməsi əbədi qurtuluşa nail olaraq Allah Rəsulu ilə bərabər olma eşqinin təzahürü idi.

Özünüzü təhlükəyə atmayın!..

Allah-Təala belə buyururdu:

“…(Öz əlinizlə) özünüzü təhlükəyə atmayın!..” (əl-Bəqərə, 195) Yəni “Allahın rizasına nail olmaq üçün əlinizdə imkan olduğu halda fani dünyanın bərbəzəyinə, dəbdəbəsinə və ilğımlarına aldanaraq qəflətə düşməyin! Yoxsa axirətiniz təhlükə altında qalar”.

Bu ayənin nüzul səbəbini bəyan edən rəvayət necə də ibrətlidir:

Əməvilərin xilafət illərində Allah Rəsulunun müjdəsinə nail olmaq istəyən İslam ordusu İstanbul surlarına qədər irəliləmişdi. Əbu Əyyub əl-Ənsari həzrətləri də orduda iştirak edirdi. Rumlar arxalarını şəhəri surlarına verib döyüşdükləri zaman ənsardan bir nəfər atını Bizans ordusunun içinə sürdü. Bunu görən müsəlman əsgərlərdən biri: “öz əlinizlə özünüzü təhlükəyə atmayın” ayəsindən ilham alaraq heyrətlə:

“Lə iləhə illəllah! Buna baxın. Göz görə-görə özünü təhlükəyə atır”,- dedi.

Bu zaman Əbu Əyyub əl-Ənsari həzrətləri belə dedi:

“Ey möminlər! (səhv başa düşməyin!) Bu ayə biz ənsarlar haqqında nazil oldu. Allah öz peyğəmbərinə yardım edib dinini müzəffər qıldıqda biz artıq işlərimizin başına keçib mallarımızı çoxaltmaq qərarına gəlmişdik. Bu zaman:

“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə, 195) ayəsi nazil oldu.

Ayeyi-kərimədə buyurulan “öz əli ilə özünü təhlükəyə atmaq”dan məqsəd bağ-bostan kimi dünya malı ilə məşğul olaraq, Allah yolunda xidmətə laqeyd qalmağımızdır”.

Məhz bu ilahi xəbərdarlığa səmimi qəlblə riayət edən Əbu Əyyub əl-Ənsari həzrətləri Haqqa qulluğun, Həzrət Peyğəmbərə ümmət olmağın, iman nemət iilə şərəflənməyin şükür borcunu ödəyə bilmək təlaşı ilə son nəfəsinə qədər heç bir xidmətdən qalmamışdı.

Səksən yaşlarında iştirak etdiyi bu səfərdə vəfat edərək, şəhidlik mərtəbəsinə nail olmuşdur. (Bax. Əbu Davud, Cihad, 22/2512; Tirmizi, Təfsir, 2/2972)

Candan fədakarlıq…

Eynilə bu cür “ilayi-kəlimətullah” iddiasının səmimi xadimi olan Kosova fatehi və şəhidi I Murad Xan hərb meydanında:

“Ya Rəbb! Buradakı mömin əsgərləri kafirlərin əlində məğlub edib həlak etmə! Onlara elə bir zəfər lütf et ki, bütün müsəlmanlar üçün bayram olsun! İstərsən, o bayramın qurbanı da bu Murad qulun olsun!”,- deyə dua edirdi.

Hz. Peyğəmbərin “nə gözəl komandan” iltifatına məzhər olan  Fateh Sultan Mehmedin o imanlı ordusu da rumlaırn atdığı qızğın odların altında İstanbul surlarına dırmaşarkən, sanki ölümə deyil, toya gedirdilər. İman vəcdi ilə: “Bu gün şəhid olmaq növbəsi bizə çatdı!..” deyərək fədakarlıq dastanı yazırdı.

Xülasə, dinimizin, vətənimizin və müsəlmanların bu günlərə gəlib çatması şəhidlərin, qazilərin, fatehlərin, təqva əhli alim və arif şəxslərin, ixlaslı möminlərin fədakar və səmimi səylərinə Allah tərəfindən lütf edilən bərəkətin nəticəsidir.

Hal ilə təbliğ…

Tarix boyu təbliğ fəaliyyətlərinin ən təsirli və bərəkətli üsulu İslamın nzəakət, zəriflik və fəzilətinin layiqincə yaşanaraq hal ilə sərgilənməsi olmuşdur. Qeyd edəcəyimiz hadisə bunun gözəl misallarındandır:

Könlü İslamın gözəllikləriylə yoğurulmuş, parça ticarəti ilə məşğul olan müsəlman bir tacir günlərin birində parçalarını gəmiyə yükləyərək İndoneziyaya gedir və orada məskunlaşaraq ticarətinə davam edir.

Gətirdiyi keyfiyyətli parçalar xalqın tələb etdiyi cinsdən idi. Özü isə qənaət sahibi bir mömin olduğu üçün: “qoy qazancım az olsun, lakin təmiz və halal olsun” düşüncəsində idi. Bu səbəblə bir malı dəyərindən baha satmağa əsla meyil etmirmiş. Qısa zamanda zəngin olmağın xəyal və ehtirasına qapılmadan həyatını davam etdirir.

İşə gec gəldiyi bir gün satıcının satdığı mallardan çox yüksək qazanc əldə etdiyini görür və aralarında bu dialoq cərəyan edir:

- Hansı parçadan satdın?

- Bu parçadan.

- Neçəyə satdın?

- On axçaya.

- Necə yəni? Beş axçalıq parçanı on axçaya necə satdın? Alan adamın haqqına girdik. Görsən tanıyarsanmı həmin adamı?

- Bəli, tanıyaram!

- Elə isə dərhal get və o müştərini tapıb bura gətir. Vaxt itirmədən onunla halallaşmalıyam.

Dəzgahdar gedir və müştərini tapıb gətirir. Dükan sahibi müştərini qarşısında görən kimi ondan halallıq istəyir və satıcının aldığı pulun artığını da müştəriyə uzadır. Müştəri isə daha əvvəl heç qarşılaşmadığı bu gözəl rəftar qarşısında böyük bir heyrət içində qalır. Öz-özünə; “Haqqını halal et!” cümləsinin mənasını anlamağa çalışır.

Bu hadisə tezliklə dildən-dilə gəzir. Çox keçmədən də kralın qulağına çatır. Nəhayət, kral parça tacirini saraya çağırtdırır və:

“- Sizin etdiyiniz bu hərəkəti daha əvvəl biz nə eşitdik, nə də gördük!.. Sizin bu halınız bizim üçün müəmma oldu. Bunu izah edərsinizmi?”, -deyə soruşur.

Tacir isə ədəblə:

“- Mən müsəlmanam. İslamda mülk Allahındır. Qul yalnız əmanətçidir. Həmçinin İslamda haqsız qazanc, faiz, istismar, gabnı-fahiş (aldatmaq surətiylə dəyərindən çox baha satmaq) və cəmiyyətin zərərinə olan bütün satışlar qadağandır. Bu alverdə isə müştərinin mənə haqqı keçmişdi. Bu səbəblə qazancıma haram qarışmışdı. Mən yalnız bir səhvi düzəltdim”, -deyərək cavab verir.

Bu cavabdan razı qalan kral:

“- İslam nədir, müsəlman olmaq üçün nə lazımdır?” kimi sualları ardarda yağdırmağa başlayır.

Tacir də bütün sualları bir-bir, şirin dillə cavablandırır.

Belə bir dinin varlığını bu vəsiləylə ilk dəfə eşidən kral, çox vaxt keçirmədən İslam ilə şərəflənir. Daha sonra qısa bir müddət ərzində xalq da müsəlman olur.

Bu gün dünya dövlətləri arasında -təxminən 250 milyonluq- ən çox müsəlman əhalisinə sahib olan İndoneziyanın İslamı qəbul etməsindəki sirr bəlkə də yalnız bu beş axçalıq parça ticarətində sərgilənən İslam əxlaqıdır. Müsəlman tacirin etdiyi isə:

İslamın şəxsiyyət və vüqarını təmsil edərək dinimizin gülər üzünü və könül iqlimini sərgiləməkdir.

Biz də bu gün imkanımız nisbətində boynumuza düşən vəzifələri ən gözəl şəkildə yerinə yetirməliyik. Xüsusilə İslamın təbliğ və təmsil olunmasında hədsiz dərəcədə məsuliyyət şüuru içində olmalıyıq. Dünyanın dörd bir yanında hidayətdən məhrum, zülmə məruz qalan din qardaşlarımıza qarşı vəzifələrimi unutmamalıyıq. Bu xüsusda göstərəcəyimiz səhlənkarlıq və qəflətimizin Haqq qatında böyük günah olacağını yaddan çıxarmamalıyıq.

İbrət lövhələri…

2014-cü ilin noyabr ayında ilk dəfə İstanbulda təşkil olunan Latın Amerikası Müsəlman Dini Liderlər Zirvəsində söylənənlər bizə bir daha məsuliyyətimizin böyüklüyünü xatırladan ibrət lövhəsi oldu.

Haitidən olan İmam Hənif Türkiyə Diyanət İşləri Başqanlığına göndərdiyi məktubda deyirdi:

“Biz buralara ataları kölələşdirilərək Afrikadan gətirilən müsəlman ata-anaların övladıyıq. Əcdadımız kölələşdirilərək Afrikadan buralara gətirildi. Uzun illər ərzində (150 il) ata-analarımız uşaqlarını yatırdarkən onlara belə təsəlli verdilər:

“Qorxma, balam! Bir gün İstanbuldan müsəlmanlar gəlib bu köləliyə son qoyacaq”.

Ancaq çox gözlədik, siz - Osmanlının nəvələri bizə gəlmədiniz. Biz burada qərib və yalnız qaldıq. Neçə-neçə nəsilləri itirdikdən sonra əcdadımızın dinini yenidən kəşf etdik. Müsəlman olduq və İslamı yaşamağa başladıq. Amma nə məscidimiz var, nə də bir məbədimiz. Nə kitabımız var, nə də uşaqlara Quran öyrədəcək müəllimlərimiz. Sizə sonuncu dəfə yazıram, lütfən, bizə bir heyət göndərin!..”

İmam Hənifin məktubunda da ifadə edildiyi kimi Qərbin istismar və kölələşdirmə fəaliyyətləri nəticəsində yurdlarından didərgin salınan müsəlmanlar başqa bölgələrə daşınmazdan əvvəl üç ay əlləri-ayaqları bağlı olaraq dəniz sahillərindəki bəzi kaloniyalarda saxlanıdılar.

Həddən artıq ibrətamiz hadisə ondan ibarətdir ki, bəzi İslam alimləri gizlincə həmin kölələrin arasına qarışaraq, əllərini və ayaqlarını bağlayıb özlərini kölə kimi göstərmişlər. Məqsədləri kölələrlə birlikdə gedəcəkləri yerdə İslamı yaşatmaq naminə əllərindən gələni etmək idi...

İslamın təbliği məsələsində Latın Amerika ölkələrindən olan Braziliyada yaşanmış bir başqa fədakarlıq nümunəsi bu toplantıda belə dilə gətirilmişdi:

1865-ci ildə İzmir və Bursa adını daşıyan iki Osmanlı gəmisi Bəsra Körfəzinə doğru hərəkət edir. Plana görə Afrika sahillərini, Cəbəlli Tariq Boğazını gəzərək, uzun bir səyahətdən sonra Bəsrə Körfəzinə girmək nəzərdə tutulurdu. Lakin 5 dəfə fırtınaya düşən bu gəmilər Braziliyanın Rio de Janerio sahillərinə gəlib çıxırlar.

Başlarında Bağdadlı Əbdürrəhman Əfəndi adlı dənizçi imam vardı. Başındakı sarıq və əynindəki cübbə ilə gəmidən enəndə daha əvvəl Portuqaliyanın Braziliyanı müstəmləkələşdirərkən Afrikadan apardığı müsəlman kölələr imamı görən kimi sevinclə salam verirlər.

İstanbuldan gələn və böyük alim olan Bağdadlı Əbdürrəhman Əfəndi Brazilyada böyük müsəlman kütləsinin olduğunu görür. Lakin hamısı müsəlman şəxsiyyətini itirmək üzrədirlər. Demək olar ki, mamaz və dəstəmazı da unudublarmış. Bu mənzərə qarşısında gəmi kapitanından icazə alaraq, burada qalmağa qərar verir və 6 il oradakı insanlara İslam dinini təbliğ edir.

Bu kimi misallar bizim bu gün hansı dini məsuliyyət və səyə sahib olmalı olduğumuzu bir daha xatırladan nümunələrdir.

Bu barədə öz halımızı tez-tez mühasiblik etmək vəziyyətindəyik. Düşünməliyik ki, başda Rəsulullah r Əfəndimiz olmaq üzrə, əshab-ı kiramın, Haqq dostlarının və səyi diniyye sahibi bütün əhli imanın, Allah üçün sərgilədikləri fədakarlıqlardan bizdə nə qədər hissə var?

Müsəlmanların sevinci ilə nə qədər məsud, iztirabları ilə nə qədər məhzunuq? İztirab içində qıvranan din qardaşlarımız üçün əlimizdən, dilimizdən və könlümüzdən nə qədər fədakarlıq edə bilirik? Din qardaşlarımızı özümüzə tərcih edə bilirikmi?

Biz Həzrət Peyğəmbərin ümmətinə bəslədiyi şəfqət, mərhəmət və fədakarlığı hansı səviyyədə yaşaya bilirik? Hidayət həsrətində olanlara halımızla və sözlərimizlə İslamı nə qədər təbliğ və təmsil edə bilirik?

Xülasə, hal və hərəkətlərimiz nöqteyi-nəzərindən nə qədər Allah Rəsulu ilə bərabərik? Nə qədər Ona yaxın olmaq arzusundayıq?..

Allah-Təala lütf və kərəmi ilə hər birimizi Ali Zatına və Əziz Rəsuluna duyduğu iman məhəbbətini səmimi fədakarlıqlarla sübuta yetirə bilən saleh qullarının cərgəsinə qəbul etsin.

 

Amin!..

 

 

Osman Nuri TOPBAŞ

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 33 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction