SJ News - шаблон joomla Авто

Fərz namazların üçüncü və dördüncü rükətində yalnız “Fatihə” surəsinin oxunmasının səbəbi nədir? Bundan əlavə surə və ya ayə oxunarsa, namaz pozularmı?

Cavab: Qurani-Kərimdə ibadətlər incə təfərrüatları ilə bildirilməmişdir. Fərz, vacib və ya nafilə olmaqla bütün ibadətlərin necə yerinə yetiriləcəyini Hz. Peyğəmbər (s.ə.s) ətraflı olaraq izah etmişdir. Namazların rükətləri, qiraəti, zikr, təsbeh və ya dualar, rüku və səcdələrin necə edilməli olduğunu da Hz. Peyğəmbər (s.ə.s) əyani surətdə göstərmiş və: “Mənim qıldığım kimi qılın!” (Buxari, Azan, 18) – deyə buyurmuşdur. Yəni, ibadətlər əmr edildiyi kimi yerinə yetirilməlidir. Odur ki, fərz namazların son iki rükətində “Fatihə” surəsindən sonra surə oxunmasını da məhz bu çərçivədə anlamaq lazımdır. Bununla yanaşı, fərz namazların son rükətlərində “Fatihə” surəsindən sonra hər hansı bir surə oxunarsa, namaz pozulmaz və hətta namazın axırında səhv səcdəsi etməyə belə ehtiyac yoxdur.  

Kasıb olan qardaşa zəkat və ya fitrə verilə bilərmi?

Cavab: Kasıb olan qardaşa zəkat verilə bilər. Həmçinin qardaş uşağı, əmi, dayı, xala, bibi və onların övladlarına da zəkat vermək olar. Hətta zəkat verərkən yoxsul qohumların digərlərindən irəli tutulması daha da savabdır. Çünki bunda həm zəkat borcu ödənmiş, həm də sileyi-rəhim (qohumlarla münasibət) kimi dini baxımdan mühüm bir əməl yerinə yetirilmiş olur. Bununla bağlı olaraq Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində: “Sədəqəsini qohumlarına verən üçün biri qohumluq, digəri isə sədəqə savabı olmaqla iki savab var” (Buxari, Zəkat, 44; İbn Macə, Zəkat, 24), – buyuraraq təşviq etmişdir.   

Dua edərkən əllər necə tutulmalıdır? Duadan sonra əlləri üzə sürtməyin dəlili varmı?

Cavab: Dua edərkən ovuclar yuxarı tutularaq əlləri açıq tutmaq niyaz etməyin mahiyyətinə uyğun bir hərəkətdir. Əllərin yuxarı, səmaya tərəf qaldırılması Uca Allahın göydə, müəyyən bir məkanda olması mənasını yox, ucalıq və əzəməti təmsil etməsi məqsədini daşıyır. Hz. Peyğəmbər (s.ə.s) dua edərkən bəzən əllərini həddindən artıq yuxarı qaldırardı (Buxari, Dəavat, 23). Bir hədisi-şərifdə belə buyurulur: “Allaha əllərinizin tərsi ilə yox, ovuclarınızı yuxarı qaldıraraq dua edin. Duanı qurtaran zaman da əllərinizi üzünüzə sürtün” (İbn Macə, Dua, 13). Bununla yanaşı, Hz. Peyğəmbərin (s.ə.s) bəla və müsibətlər əsnasında dua edərkən ovuclarını yerə tərəf çevirərək dua etdiyi də nəql edilmişdir (İbn Hənbəl, “Müsnəd”, XVII, 98). Həmçinin Hz. Peyğəmbərin (s.ə.s) əllərini qaldırmadan da dua etdiyi nəql edilmişdir (İbn Hənbəl, “Müsnəd”, XX, 231). Adətən dua edərkən əllər çiyinlərə qədər qaldırılar (Buxari, Dəəvat, 23) və bir-birindən aralı tutular, həmçinin əllərin birləşdirilməsi də mümkündür.

Nəticə olaraq, namazlardan sonra və ya başqa vaxtlarda dua edərkən əlləri üzə sürtmək, duada əl qaldırıldıqda sünnədir (İbn Macə, Dua, 13). Əl qaldırılmadan dua edilən zaman isə əllərin üzə sürtülməsinə ehtiyac yoxdur (Təhavi, “Haşiyə”, 318).

Boyna dua asmaq və ya üstündə dua gəzdirmək dini baxımdan düzgündürmü?

Cavab: Qorxudan, nəzərdən qorunmaq və bəzi xəstəliklərdən sağalmaq üçün dua etmək, Qurani-Kərimdən ayələr oxumaq olar (Buxari, Fəzailül-Quran, 9; İbn Macə, Tibb, 35-36). Ayə və dua kimi mətnlərin bir şeyə yazılıb insanların boyunlarına və ya başqa yerlərinə asılması ilə bağlı Hz. Peyğəmbərdən (s.ə.s) hər hansı bir rəvayət yoxdur. Ancaq Abdullah ibn Ömər (r.anhumə) Hz. Peyğəmbərin (s.ə.s): “Sizdən biriniz yuxuda qorxarsa, - Allahın qəzəbindən, əzabından və qullarının şərindən, şeytanların vəsvəsələrindən və yanıma gəlmələrindən heç bir nöqsanlığı olmayan Allahın sözlərinə sığınıram, - desin. Bu təqdirdə, heç bir şey ona zərər verə bilməz”, – deyə buyurduğunu bildirmiş və Abdullah ibn Amrın da bu duanı yaxşı ilə pisi ayırma çağına gələn uşaqlarına öyrətdiyini, yaşları daha kiçik olan uşaqları üçün isə yazıb boyunlarına asdığını nəql etmişdir (Əbu Davud, Tibb, 19). Həmçinin bəzi fiqh kitablarında Qurani-Kərimdən ayələr yazılaraq boyna asılmasında hər hansı bir qəbahət olmadığını bildirən alimlər olduğu qeyd olunur. Ancaq vurğulamaq lazımdır ki, bu halda mühafizə edənin və şəfa verənin yalnız Uca Allah olduğunu unutmamaq, bu kimi vasitələrdən istifadə edərək insanların həssasiyyətlərini sui-istifadə edənlərə qarşı da ayıq-sayıq olmaq lazımdır.

Duaların axırında deylən “amin” sözünün mənası nədir? Bunun bir dəlili varmı?

Cavab: “Amin” sözü “qəbul et!” mənasına gəlir. Dualardan sonra “amin” ifadəsinin işlədilməsi sünnəyə söykənir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində: “İmam “amin” deyəndə siz də “amin” deyin. Çünki kimin “amin” deməsi mələklərin “amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”, (Buxari, Azan, 111-112; Müslim, Səlat, 62, 87) – buyurmuşdur. Təkbaşına qılınan namazda da “Fatihə” surəsini oxuduqdan sonra “amin” demək sünnədir (İbn Macə, İqamə, 14).

 

Anar QURBANOV

Saytda Olanlar

İndi saytda 75 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction